Astma xəstəliyinin ən effektiv müalicəsi və əlamətləri
Astma xəstəliyi.
Astma tənəffüs yollarının müxtəlif allergenlər və tətikləyici maddələrin təsiri altında daralması, iltihabi ilə gedən xroniki xəstəlikdir. Astma zamanı tənəffüs yollarında əsas iki dəyişiklik yaranır.
İltihab - tənəffüs yollarının selikli qişasının hava ilə daxil olan müxtəlif maddələrə qarşı allergik reaksiyası nəticəsində yaranır.
Daralma - iltihab nəticəsində selikli qişa ödemləşir, saya əzələlərdə spazm yaranır, nəticədə bronxlar daralır.Broxlardakı spazm və iltihab nəticəsində xəstəliyin klinik simptomları yaranır.
Astmanın əsas əlamətləri aşağıdakılardır.
Öskürək.
Əsasən gecələr xüsusilə səhərə yaxın yuxudan oyadan quru inadlı öskürəkdir. Soyuq hava,fiziki hərəkət, müxtlif qıcıqlandırıcılar (hava kirliliyi, allergenlər, kosmetik vasitələr, siqaret tüstüsü və s.) nəticəsində öskürək artır. Bu öskürək parfüm, sprey, müxtəlif kəskin qoxular, eyni zamanda siqaret tüstüsü fonunda artır. Fiziki aktivlik zamanı,sürətli yerimə,qaçma, velosiped sürmə zamanı,pilləkən çıxdıqda öskürək artır.Uzun müddətli öskürək nəticəsində bəzən döş qəfəsi və qarın əzələlərində ağrılar yaranır.Qrip , soyuqdəymə, zökəm zamanı öskürək şiddətlənir.Bəzən öskürək zamanı sidikqaçırma kimi hallar yarana bilir.
Xışıltı.
Astma xəstəliyinə xarakterik olan bu sipmtom daralmış nəfəs yollarından havanın keçməsi nəticəsində yaranır. Astma tutması zamanı xışıltı nəinki qulaqasma zamanı, eyni zamanda yaxın məsafədən də eşidilə bilir. Xəstələr bu səsi fit səsinə və ya pişik mırıtısına bənzədir.
Boğulma tutması.
Daralmış hava yollarından havanın keçə bilməməsi nəticəsində yaranır.
Boğulma tutmaları, hava çatışmazlığı yaşayan pasiyentlər çox vaxt depressiv olurlar. Fobiya və ölüm qorxularından əziyyət çəkirlər. Astma xəstəliyi xroniki xəstəlik olub kəskinləşmə (atak) və sakitləşmə (resmissya) dövru vardır.
Astmanın kəskinləşməsinə səbəb nədir?
1.Allergenlər- yəni allergiyaya səbəb olan maddələrdir. Allergiya immun sistemin genetik olaraq fərqli çalışması nəticəsində yaranan vəziyyətdir.Immun sistemin funksiyası orqanizmi ziyanlı maddələrdən qorumaqdır. Virus, mikrob , göbələk və s. Bəzən immun sistem genetik olaraq bəzi ziyansız maddələri məsələn, ev tozunu ziyanlı görərək onu zərərsizləşdirməyə çalışır. Bu zaman orqanizmin öz toxumaları zədələnir. Məsələn ev tozuna qarşı allergiyası olanlarda allergik rinit, astma xəstəliyinin yaranması kimi.
Əsas allergenlər bunlardır.
• Polenlər yəni bitki tozcuqları
• Çəmən otlarının polenləri
• Taxıl otlarının polenləri (buğda, arpa, yulaf, çovdar və s)
• Ağac polenləri (zeytun, fındıq, söyüd, çinar vəs )
• Yabanı otlar ( müxtəlif çayır otları və s)
• Ev tozu gənələri
• Kif göbələklərinin sporları
• Heyvan tükləri və epitelləri (it tükü, pişik tükü , dovşan , quş epiteli və s)
• Müxtəlif böcəklər
2.Infeksiyalar – tənəffüs yollarının müxtılif infeksiyaları tənəffüs yollarındakı iltihabı artıraraq astma xəstəliyini kəskinləşdirir. Qrip, soyuqdəymə, zökəm fonunda astma kəskinləşir, öskürək həftələrlə bəzən aylarla davam edir. Bağça və məktəbə gedən uşaqlar arasında bu infeksiyalar daha çox rast gəlinir. Buna görə uşaqlarda astma çox vaxt infeksiya fonunda ağırlaşır.
3.Mövsüm və hava dəyişkənliyi. Kəskin hava və rütubət dəyişkənliyi nəfəs yollarını qıcıqlandırarq astma tutmasına səbəb ola bilər.
4.Fiziki gərginlik. Astmalı xəstələrdə fiziki gərginlik tənəffüs yollarını qıcıqlandıraraq astma tutmasına səbəb ola bilər. Biz fiziki sakit vaxti tənəffüs etdikdə hava burun vasitəsi ilə alınır, hava burunda nəmlənir, isinir və ağciyərə daxil olur.Fiziki aktivlik zamanı tez-tez nəfəsalma ilə bağlı olaraq tənəffüs yolları quruyur və sinir ucları qıcıqlanaraq öskürək, xırılti, xışıltı kimi şikayətlər yaranmasına səbəb olur.Fiziki aktivlik zamanı, sürətli yerimə,qaçma zamanı astma tutması yaranırsa bu xəstəliyin kontrolda, nəzarətdə olmadığının bir göstəricisidir. Düzgün müalicə və nəzarət olunan bronxial astmada fiziki aktivlik zamanı öskürək, xırıltı və xışıltı olmamalıdır.
5.Qıcıqlandırıcılar. Siqaret tüstüsü, təmizlik vasitələri, müxtəlif parfüm, odekalon, spreylər, yuyucu tozlar , bir sözlə müxtəlif kimyasallar tənəffüs yollarını qıcıqlandırıb astma tutmasına səbəb ola bilər.
6.Peşə astması. Müəyyən ixtisas sahiblərinin iş yerlərindəki müəyyən maddələrlə daimi kontaktda olması astmanı kəskinləşdirə bilər. Məsələn,gözəllik salonlarında çalışanların müxtəlif boyalarla kontaktda olması,çörək və şirniyyat sexlərində çalışanların davamlı un və buxarla, avtomobil ustalarının müxtlif rəng və ya yağlarla kontaktda olması və s. Belə pasientlərimiz iş otagının tez-tez havalanmasına diqqət etməli, iş zamanı xüsusi qoruyucu maskalardan istifadə etməlidirlər.
7.Dərman maddələri. Müəyyən ağrıkəsicilər, təzyiq əleyhinə dərmanlar, iltihab əleyhinə dərmanlar, ürək dərmanları astmanı kəskinləşdirə bilər. Ona görə də özbaşına dərman qəbulu qətiyyən yolverilməzdir.Əgər astma xəstəsi hər hansı xəstəliklə bağlı müalicə alacaqsa, təyin olunan dərmanlar mütləq şəkildə astma xəstəliyini müalicə edən həkimlə məsləhətləşərək qəbul etməlidir.
8.Qida maddələri. Bəzi qida maddələri uşaqlarda qida allergiyasına səbəb ola bilər. Araxis, yumurta, süd, balıq, qoz, fındıq və s. Allergiyası olanlarda bu qida maddələrinin qəbul olunması astmanı tətikləyə bilər. Qatqı maddələri olan qidalar, tərkibində dadlandırıcı, müxtəlif boya maddəsi, konservantlar olan qidaların qəbulu astmanı kəskinləşdirə bilər. Bronixal astması olan pasient kəskin duzlu, ədviyyalı qidaların çox qəbulundan uzaq durmalıdır.
9.Qastroezofagial reflü- Mədə möhtəviyyatının qida borusuna atılması öskürək və astma tutmasını artıra bilər. Reflünü azaltmaq üçün az-az, tez-tez qidalanma, ağır, yağlı, ədviyyatlə qidalar qəbul etməmək, alkoqoldan uzaq durmaq lazımdır. Son qidanı yatmazdan 4-5 saat öncə qəbul etmək, yatağın baş tərəfini bir qədər yuxarı qaldırmaq lazımdır.
10.Stress.Psixolji gərginlik,duyğusallıq,nevroz,panik atak astma xəstəliyini kəskinləşdirir. Buna görə də pasientlər xəstəliklərinə qarşı ciddi yanaşmalı, lazım olarsa psixoloji dəstək də almalıdırlar.
Kimlər astma üçün risk qrupundadır ?
• ailəsində, irsiyyətdə astma xəstəliyi olanlar
• atopik dermatit, allergik rinit xəstəliyi olanlar
• peşəsi ilə bağı olaraq tez-tez toz və ya kimyasal maddələrə məruz qalanlar
• siqaret çəkənlər
• piylənməsi olanlar
• uşaq yaş qrupunda tez – tez tənəffüs yollarının infeksion xəstəlikləri keçirənlər
Dünya elminin ilbəil daha çox inkişaf etməsi səhiyyə sahəsində də ciddi uğurların qazanılmasına səbəb olub. Ancaq tibb elminin nəzərəçarpacaq səviyyədə yüksəlişi, müxtəlif xəstəliklərin müalicəsinin tapılması və ya yeni üsulların tətbiqi, ən müasir aparat və avadanlıqların istehsalı, təəssüf ki, heç də həmişə insanların ayrı-ayrı xəstəliklərə tutulmasının qarşısını almağa imkan vermir. Bunu müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların sayının gündən-günə artması bir daha sübut edir. Lakin qazanılan uğurlar əvvəllər bir çox xəstəliklər üçün istifadə edilən «çarəsi yoxdur» deyimini bizlər üçün yad ifadəyə çevirib. Bu gün bronxial astma da qorxulu xəstəliklər siyahısından çıxıb.
Son illər bronxial astma ən geniş yayılmış xəstəliklər sırasında dayanır. Bu xəstəlik daha çox uşaqlar arasında artmaqdadır. Ona görə də hazırda bronxial astma təkcə Azərbaycanda deyil, bütün dünyada pediatriyanın ən aktual problemlərindən biri hesab edilir. Buna baxmayaraq, astma xəstəliyindən qorxmaq deyil, onu müalicə etdirmək lazımdır. Çünki bu mümkundür.
Xəstəliyin yaranmasına, qeyd etdiyiniz kimi, son dövrlər sürətlə artmasına səbəb nədir?
Bronxial astma xəstəliyinin yaranmasında bir çox amillər rol oynayır. İlk növbədə qeyd edim ki, astmaya meyillilik irsi olaraq keçir. Valideynləri sağlam olan uşaqlara nisbətən, ata-anası allergiyadan əziyyət çəkənlərdə astmaya 2-3 dəfə artıq rast gəlinir. Bronxların həssaslıq reaksiyası irsi meyilliliklə bağlıdır, hazırda isə irsiliyə müdaxilə edib onu dəyişmək mümkün deyil. Digər bir səbəb isə iqlim şəraitidir. Çox soyuq, rütubətli iqlim də xəstəliyin yaranmasına səbəb olur. Bundan başqa, ekoloji vəziyyət də mühüm amillərdəndir. Son dövrlər atmosferin zərərli tullantılarla, müxtəlif kimyəvi maddələrlə daha çox çirklənməsi astma xəstəliyinin artmasına gətirib çıxarır. Ancaq qeyd edilən səbəblər yalnız irsən bu xəstəliyə meyilli olan uşaqlara mənfi təsir edir. Deməli, bronxial astma xəstəliyinin yaranması bu xəstəliyə irsi meyilliliyi olan uşaqların doğulduğu, yaşadığı şəraitdən, qidalanmasından çox asılıdır. Uşaqlara süni qidaların erkən verilməsi də xəstələnməyə şərait yaradır. Çünki süni qidalarda olan inək südü uşaqlara allergen kimi təsir edir. Xəstəliyə irsən meyilli olan uşaqlara sitrus meyvələrinin (naringi, portağal, banan və s.) və onların şirələrinin verilməsi də məsləhət deyil. Bu, allergik reaksiyaya səbəb olur.
Bronxial astma xəstəliyinin əlamətləri hansılardır?
Bronxial astmanın xarakterik əlamətləri təngnəfəslik, xışıltılı tənəffüs, sinənin sıxıntısı və nəhayət, öskürək, boğulma tutmasıdır. Astma tutması zamanı bronxların borusu daralır, divarları qalınlaşır, ödəm əmələ gəlir, bronxlar daxilində selikli tıxac yaranır. Hava ciyərlərə çox çətinliklə gedir, xəstə öskürür və boğulur, sinəsində ağırlıq və sıxıntı hiss edir, dodaq üçbucağı göyərir.
Xəstəliyin 3 mərhələsi var. Birinci, yəni immunoloji mərhələdə allergenlə orqanizmdə ona qarşı yaranan anticisimlər təkrar təmasda olur və birləşərək immunokompleks əmələ gətirir. Bundan sonra xəstəlik ikinci, yəni patoloji kimyəvi mərhələyə keçir. Bu zaman bioloji aktiv maddələr ifraz olunur. Həmin maddələr toxumada, hüceyrədə müəyyən reaksiya verərək onu zədələyir. Artıq allergik reaksiyanın 3-cü – patofizioloji mərhələsi başlayır. Hər hansı hüceyrədə, toxumada, orqanda allergik iltihab prosesi gedir. Bu isə, yuxarıda qeyd etdiyimiz kimi, boğulma, öskürək, nəfəs çatışmazlığı ilə özünü büruzə verir. Təəssüf ki, xəstəliyi erkən, yəni 1-ci və ya 2-ci mərhələdə müəyyən etmək, ona diaqnoz qoymaq mümkün olmur. Xəstəlik əvvəl gizlin keçir, yalnız 3-cü mərhələdə özünü göstərir. Ancaq bu mərhələdə, patoloji proses başladığı zaman həkimə nə qədər tez müraciət edilsə, o qədər yaxşıdır. Çünki xəstəliyi xroniki formaya keçmədən, bronxlarda, ağciyərdə genişlənmə yaranmadan müalicə etmək nisbətən asandır. Həmçinin qeyd edim ki, xəstəliyin müalicəsi onun hansı mərhələdə olmasından daha çox, insan orqanizminin reaktivliyindən, fərdi xüsusiyyətlərindən asılıdır.
Bu gün uşaqlarda astma xəstəliyinin hansı növü daha çox yayılıb?
Ümumiyyətlə, astma xəstəliyinin allergik və qeyri-allergik formaları var. Lakin onun allergik növü daha çox yayılıb. Biz əvvəllər bronxial astmaya qeyri-allergen amillərin (soyuq, infeksiya, kəskin qoxular, əsəbi gərginlik, stress, fiziki amillər və s.) səbəb olduğunu bilmirdik. Ancaq elmi araşdırmalar nəticəsində bu faktorların da təsiri müəyyənləşib. Onu da qeyd edim ki, qeyri-allergen amillərin təsirindən yaranan astmaya az təsadüf edilir. Xəstəliyin hər bir forması müxtəlif cür müalicə olunur.
Xəstələrdə bronxial astma tutmalarının yaranmasına səbəb olan amillər hansılardır?
Xəstəliyin allergik formasında bronxial astma tutmalarına təsir edən allergenlər 4 əsas qrupa bölünür: tozcuqlar, məişət, epidermal və qida məhsulları.
Tozcuq allergenlərinə bitkilərin tozcuğu (ot, kol, ağac çiçəkləri və s.), kif və göbələklər aiddir. Havada tozcuqlar çox olduqda belə xəstələrə qapı-pəncərələri bağlamaq və otaqda olmaq lazımdır. Bitkilər çiçək açan dövrlərdə meşəyə, çəmənliyə, bağa getmək olmaz.
Məişət allergenlərinə isə ilk növbədə ev və kitab tozları aiddir. Ev tozlarının başlıca allergiya komponenti ev gənəsidir. Onu gözlə görmək mümkün deyil. Onlar balış tükündə, xalçalarda, yun örtüklərdə, yumşaq mebellərdə, bir sözlə, toz yığan əşyalarda olur. Bunların allergik təsirinə qarşı mübarizə aparmaq üçün döşəməni, divarları hər gün yaş əski ilə silmək, mənzilin havasını dəyişmək, kitab rəflərinə şüşə saldırmaq, mənzildə tozyığan əşyaların az olmasına çalışmaq lazımdır.
Ev heyvanlarının (it, pişik, şimal siçovulu və s.) kəpəyindən, tükündən isə epidermal allergenlər əmələ gəlir. Əgər bu heyvanlar mənzildə saxlanılırsa, onları yataq otağına buraxmaq lazım deyil. Evdə tarakan və s. həşəratlar da epidermal allergen mənbəyi ola bilər.
Qeyd edim ki, bəzən təngnəfəslik tutmalarına səbəb olan amil qida allergenləri olur. Allergen qidalara ilk növbədə balıq, süd, yumurta, buğda, sitrus meyvələri və s. aiddir. Orqanizmə eyni vaxtda bir neçə allergen daxil olarsa, bu, ağır klinik halın yaranmasına səbəb ola bilər.
Tünd tamlı ədviyyatlar və bəzi tərəvəz növləri (turp, soğan və s.) allergen kimi təsir etməsə də, kimyəvi qıcıqlandırıcılar kimi allergik reaksiyaları ağırlaşdıra bilir. Ona görə də hipoallergen pəhriz saxlanılmalı, hər cür tünd ədviyyatdan tam imtina edilməlidir. Xəstənin yeməyində çox miqdarda süd, yumurta, həmçinin qoz-fındıq, istiot, xardal, mayonez olması məsləhət deyil. Xəstəliyin ağırlaşma dövründə pəhriz saxlamaq çox vacibdir. Ancaq bununla belə, qidada kifayət qədər yağ, zülal və karbohidratlar olmalıdır.
Bronxial astma tutmalarına səbəb olan qeyri-allergen amillərə isə soyuq, isti, infeksiya, kəskin qoxular, əsəbi gərginlik, stress, fiziki amillər və s. aiddir. Bunlar da xəstədə təngnəfəslik yarada bilir.
- Bronxial astma xəstəliyi olanlara siqaret tüstüsü və s. kimi müxtəlif kəskin qoxuların təsiri barədə nə deyə bilərsiz?
- Bəli, belə xəstələrə siqaret tüstüsü də zərərlidir. Siqaret tüstüsü uşaqlarda allergiyanın törənməsinə və bronxial astmanın ağırlaşmasına səbəb olur. Uşaqları xəstə olan valideynlər, xüsusən uşaq olan otaqda siqaret çəkməməlidirlər. Uşağı siqaret çəkilən ictimai yerlərə aparmaq da olmaz. Ağac yandırılan zaman çıxan tüstü də bronxları qıcıqlandırır. Tünd iyli sabunlardan, losyonlardan, şampunlardan, ətirlərdən və s. istifadə etmək də məsləhət görülmür.
Soyuqdəymə və respirator virus infeksiyaları da bronxial astma tutmalarını törədə bilər. Bu əsasən uşaqlarda baş verir. KRVİ üçün məqbul hesab edilən profilaktik vasitələrdən istifadə etmək, bədəni möhkəmlətmək, orta ağır və ağır astma ilə xəstələnənlərə hər il qrip əleyhinə profilaktik peyvənd etmək lazımdır. Soyuqdəymənin ilkin simptomları aşkara çıxan kimi astma tutmasının qarşısını vaxtında almaq üçün həkimə müraciət etmək məsləhətdir.
- Bu gün astma xəstəliyinə dəqiq diaqnozun qoyulmaması və yanlış müalicənin aparılması faktlarının olması danılmazdır. Mövcud problemlərin ortaya çıxmasına səbəb bu sahədə yetəri qədər kadrların olmamasıdır, yoxsa...?
- Ölkəmizdə hər bir sahədə olduğu kimi bu sahədə də yüksək səviyyəli mütəxəssislərimiz, savadlı həkimlərimiz var. Bronxial astma xəstəliyini müalicə etmək üçün kadr baxımından problemimiz yoxdur.
Ancaq bu heç bir çatışmazlığın olmaması demək deyil. Bəzən valideynlər 8-10 həkimə müraciət etdiklərini, ancaq heç bir faydası olmadığını deyirlər. Təəssüf ki, bu sahədə mütəxəssis olmayan həkimlər astma xəstəliyini müalicə etməyə çalışırlar. Hətta cərrahın, göz həkiminin bronxial astmanı “müalicə etməsi” kimi dəhşətli faktlarla da qarşılaşmışıq. Qoy hər həkim öz sahəsi ilə məşğul olsun. Yalnız bu halda ağır, müalicəyə təslim olmayan xəstələr azalar.
Digər bir problem isə xəstəyə düzgün diaqnozun qoyulmamasıdır. Doğrudur, bronxial astmaya diaqnoz qoymaq o qədər də asan deyil. Bu xəstəliyi yalnız xüsusi hazırlığı olan allerqoloqlar müalicə edə bilər. Çünki uşaqlarda astmayabənzər digər xəstəliklər də (məsələn, qrip, KRVİ xəstəlikləri və s.) müşahidə olunur. Bu xəstəliklərin törədiciləri adətən viruslardır. Viruslar isə tez bir zamanda bronxlarda şişkinlik və bronx mənfəzinin daralması kimi ilkin əlamətlərin yaranmasına səbəb olur. Nəticədə xəstədə təngnəfəslik, xışıltılı, səsli tənəffüs meydana çıxır. Çünki bronxlarda abstruksiya, tıxac əmələ gəlir. Məhz bunun nəticəsidir ki, bu gün uşaqlar arasında abstruktiv bronxitlər geniş yayılıb. Təəssüf ki, həkimlərimiz bəzi hallarda bronxial astmanı yuxarıda qeyd etdiyim xəstəliklərdən ayıra bilmir. Bu isə xəstəliyin daha çox ağırlaşmasına səbəb olur.
- Bəs, xəstəyə necə düzgün diaqnoz qoymaq, onun bronxial astma olub-olmadığını müəyyənləşdirmək olar?
- Xəstəliyi müəyyən etmək üçün ilk növbədə dəqiq, geniş anamnez toplayırıq. Bununla biz boğulmaların səbəbini, əsas təsiredici amilləri araşdırır və müəyyənləşdiririk. İkincisi, mütləq uşağın nəslində belə xəstəliyin olub-olmamasını öyrənirik. Çünki istər anamnezin, istərsə də nəsildə astmanın və ya digər allergik xəstəliklərin olmasının xəstəyə diaqnoz qoymaq üçün çox böyük əhəmiyyəti var. Bundan sonra obyektiv müayinə aparırıq, bronxlara, ciyərlərə qulaq asırıq. Daha sonra biz ağciyərlərin hava tutumunu yoxlayırıq. Əlbəttə ki, bronxda spazma olduqda ağciyərlərin hava tutumu çox aşağı səviyyədə olacaq. Müalicə aldıqdan sonra isə göstərici normaya çatır. Bundan sonra isə müxtəlif sınaqlarla xəstəliyin həqiqi bronxial astma olduğu dəqiqləşdirilir. Bunun üçün ümumi hemoqlobin E və spesifik anticisimlər yoxlanılır. Yoxlama məqsədi ilə dəri sınağı aparılır. Ancaq erkən yaşlı uşaqlarda dəri sınağı o qədər də məsləhət deyil. Buna görə də onların qanı analiz edilir. Bu bizə tutmaların səbəbini müəyyənləşdirməyə imkan verir.
- Xəstələrdə müxtəlif allergenlərə qarşı həssaslığın azaldılması yolu ilə astmanı müalicə etmək mümkündürmü?
- Bəli, bu, bronxial astmanın müalicəsində xüsusi metoddur. Xəstənin məhz hansı toza qarşı allergiyası, həssaslığı olduğu müəyyənləşdirilir, allergen tapılır. Həmin allergen durulaşdırılaraq, ən zəif titrlə xəstəyə verilir. Get-gedə doza artırılır və bədən allergenə öyrəşir. Bu proses xəstənin bu və ya digər allergenə qarşı həssaslığı azalanadək davam etdirilir.
- Müalicə vasitəsi kimi tənəffüs gimnastikası haqqında nə deyə bilərsiniz?
- Biz uşaqların xüsusi müalicəsini həyata keçiririk və eyni vaxtda onlara nəfəs gimnastikası sahəsində mütəxəssis lazımi təlimatlar verir, tənəffüs qaydalarını öyrədir. Nəfəs gimnastikası da bronxial astmanın müalicə vasitələrindən biri sayılır. Bu müalicə tənəffüs mexanizminin funksiyasını yüksəltməyə xidmət edir. Nəfəs gimnastikasının funksiyası nəfəs əzələlərinin yorğunluğunu və gərginliyini aradan qaldırmaqdan, əzələlərin nəfəs alarkən və verərkən normal işləməsini təmin etməkdən ibarətdir. Bunu yalnız mütəxəssislərin tövsiyəsi ilə etmək lazımdır və bizim də bu sahədə kifayət qədər kadrımız var.
Onu da qeyd edim ki, bronxial astma xəstələri həmçinin üzgüçülük ilə məşğul ola bilər. Onlara az sürətlə qaçmaq da məsləhət görülür. Basketbol, voleybol, futbol və s. kimi yüksək fiziki gərginlikli idman növləri ilə isə məşğul olmaq tövsiyə edilmir.
- Uşaqlarda bronxial astma xəstəliyinə hansı yaşda daha çox rast gəlinir?
- Bu xəstəliyə erkən yaşlı uşaqlarda çox az hallarda təsadüf olunur. Bronxial astmaya 3-10 yaş arasında olan uşaqlar daha çox meyillidir. Xəstəliyin rast gəlinməsinə görə oğlan və qız uşaqlarını müqayisə etsək, onlar arasında oğlanlar üstünlük təşkil edir.
Bronxial astma xəstəliyini tam müalicə etmək mümkündürmü?
Bronxial astma xroniki xəstəlikdir. Buna görə də onun tam müalicəsindən söhbət gedə bilməz. 20 faiz halda bu xəstəlik təkrarlanmaya bilər. Belə xəstələrin 100 il də yaşaması mümkündür. Lakin onlar həkim məsləhətinə qulaq asmalı və riayət etməlidirlər. Belə xəstələr müntəzəm olaraq, ildə 1-2 dəfə müayinədən keçməlidirlər. Həkim məsləhətinə etinasız yanaşanda isə xəstəliyin təkrarlanması təhlükəsi həmişə var. Ətraf mühitdəki allergenlər, qıcıqlandırıcı amillər dəf edildikdə, allergiya törədən qidalardan imtina olunduğu halda isə xəstəliyin inkişafının qarşısını almaq mümkündür.
Astma xəstəliyinin ən effektiv müalicəsi və əlamətləri
Bütün dünyada olduğu kimi ölkəmizdə də Astma xəstəliyi sayı sürətlə artmaqdadır.
Astma xəstəliyi çarə axtaran insanlar hara müraciət edəcəklərini bilmədiyinə görə təəssüf ki, xeyli zaman və maddiyyat itirirlər.
Yalnış Astma xəstəliyi müalicəsi istənilən nəticəni verməməklə yanaşı, digər xəstəlik və fəsadların yaranmasına səbəb olur. Bizim ünvanda Astma xəstəliyi beynəlxalq protokollara uyğun müalicəsi mümkündür.
Dr. Gülnar Quliyeva
Türkiyədə ixtisaslaşmış allerqoloq. Astma və allergiya həkimi.Avropa Allerqoloq və İmmunoloqlar Cəmiyyətinin üzvü.
Astma hormonal dermansız müalicə olunurmu?
Astma xəstəliyi zamanı hormonal dərmanlar inhalyasiya ilə, yəni tənəffes yolu ilə alındığına görə tam təhlükəsizdir. Astmanın müalicesi üçün özbaşına hormonal tablet və iynələrin qəbulu yolverilməzdir və təhlükəlidir.
Astma xəstəliyi sağalır?
Astma xəstəliyi düzgün müalicə ilə tam nəzarətə alınır, yəni astma xəstəsi müalicə ilə tam sağlam insan kimi həyatına davam edə bilir.
Usaqlarda astma sağalır?
Düzgün müalicə və nəzarət ilə uşaqlarda astma uşaq böyüdükcə əksər hallarda sağalır və ya simptomlar azalır. Lakin astma genetik xəstəlik olduğundan müəyyən yaşda təkrarlaya bilir.
Astmanın əlamətləri hansılardır ?
Astmanın əsas əlaməti öskürək, sinədə xırıltı və xısıltı, təngi-nəfeslik və boğulma tutmalarıdır. Xəstəliyin gedişatı fərqlidir. Bəzən bir xəstədə yalnız quru öskürək davam edərkən, digər xəstədə isə bütün simptomlar özünü göstərə bilər.