Allergik rinitin nədir və əlamətləri hansılardır?
Allergik rinit
Allergik rinit burunun selikli qişasının allergik iltihabi xəstəliyidir. Allergik rinit uşaqlar və böyüklərdə geniş yayılmış xroniki xəstəliklərdən olub həm həyat keyfiyyətini, eyni zamanda gecə yuxusunun keyfiyyətini aşağı salan ciddi problemdir.
Allergik rinitin əlamətləri hansılardır?
- asqırma
- burunla tənəffüsün çətinləşməsi
- burundan ifrazat
- burundan geri, udlağa doğru axıntı- geniz axıntısı
- gözlərdə qaşınma
- göz qapaqlarında şişkinlik
- ağız, boğaz, qulaq, udlaqda qaşıntı
- boğazda qıcıqlanma
- Gözlərin altında qaralmalar
- Bəzən dadbilmə, iybilmənin azalması
- Yorğunluq, halsızlıq
- Gecələr burunun tutulması , xoruldama
Allergik rinit müxtəlif allergenlərə qarşı immun sistemin IgE ilə əlaqəli reaksiya verməsi vasitəsilə yaranır. Sağlam insanlarda immun sistem orqanizm üçün yad eyni zamanda ziyansız olan maddələrə qarşı İg G tipində antitellər əmələ gətirir.Lakin bəzi insanlarda genetik olaraq immun sistem fərqli çalışır. Ziyansız maddələrə qarşı İg G deyil, İg E tipində antitellər əmələ gətirir. Belə insanlara biz allergik insanlar , İg E ilə cavab verdiyimiz maddələrə isə allergenlər deyirik. İg E ilə allergenin görüşməsi müxtəlif allergik reaksiyalara səbəb olur. Məsələn, ev tozunu immun sistem düşmən kimi görürsə ona qarşı İg E sintez edirsə, burun tutulmasi, asqırma , öskürək, boğulma kimi şikayətlər yaranır.
Allergik rinitin hansı növləri var ?
Allergik rinitin 2 növü var.
Mövsümi allergik rinit- mövsümi xarakterlidir, müəyyən bitkilərin tozcuqlarına, yəni polenlərə qarşı allergik reaksiya nəticəsində yaranır. Tozcuqlar və ya polenlər mikroskopik ölçülərdə olub, küləklə 500 km məsafəyə qədər yayıla bilərlər. Ağaclarda tozlanma fevral-aprel ayları, çayırlarda may-iyul, yabanı otlarda isə avqust – oktyabr aylarında baş verir. Xəstəliyin əlamətləri hansı bitki tozcuğuna qarşı allergiya varsa, məhz həmin bitkilərin tozlanma dönəmində yaranır. Tozcuqlar gözlərin selikli qişasına da nüfuz etdiyinə görə allergik rinit simptomları ilə yanaşı pasientlərdə çox vaxt gözlərdə qaşınma , qum qalma , sulanma, göynəmə kimi əlamətləri də yaranır. Mövsümi allergik rinit polenlərdən qorunma tədbirlərinə əməl olunmaqla və allerqoloq nəzarətində müalicə ilə tam kontrola alınır.
Mövsüm allergiyası olan insanlar astma üçün risk qrupuna daxil olduqlarını unutmamalıdır.
Ilboyu davam edən rinit.(perinnial rinit) - daha çox ev içi allergenlərə qarşı həssaslığı olanlarda yaranır. Əsasən ev tozuna, ev heyvanlarının tükünə, kif göbələyi sporlarına qarşı allergiyası olanlarda görülür. Əgər allergendən qorunma tədbirlərinə əməl olunmazsa və müalicə alınmazsa xəstəliyin simptomları il boyu davam edir.
Ev tozu nədir?
Ev tozu gənələri gözlə görünməyən , mikroskopik ölçülü canlılardır. Insan dərisindən tökülən ölü toxumalarla qidalanır. Buna görə insanların yaşadığı qapalı yerlərdə daha çox görülür. Ev tozu gənələrinin həm hissəcikləri , həm də ifrazatları insanlarda ən çox allergiyaya səbəb ola biləcək maddələrdir. Bu gənələr isti və nəm mühiti sevirlər. Ona görə də , evlər , xüsusi ilə dəri töküntülərinin yəni, gənələrin qidalarının bol olduğu yataq otaqları ev tozu gənələrinin ən çox olduğu məkanlardandır.
Allergik rinit , bronxial astma xəstələrində ən çox ev tozu gənələrinə qarşı allergiya aşkarlanır.
Bu xəstəlikləri nəzarətə almaq üçün ilk növbədə xəstənin çevrəsindəki ev tozu gənələrinin miqdarını minimuma endirmək lazımdır. Təəssüf ki, ev tozu gənələrini tam olaraq sıfırlamaq və qurtulmaq mümkün deyil. Amma qorunma tədbirlərinə əməl etməklə xəstəliyin simptomlarını azaltmaq mümkündür.
Kif göbələyi nədir?
Kif göbələyi havada sporları uça bilən kiçik göbələklərdir. Bu göbələklərin havada uçan və gozlə görünməyən sporları allergik reaksiyaya səbəb ola bilirlər. Bu göbələklər həm təbiətdə , çürüyən bitkilərin üzərində, havada həm də ev içində nəmli, rütubətli yerlərdə artıb çoxalırlar. Havalar rütubətli olduğu zamanda kif göbələyi sporlarının sayı ciddi şəkildə artır. Allergiyaya ən çox səbəb olan kif göbələyi növləri bunlardır.
- Alternaria,
- Aspergillus,
- Cladosporium ve
- Penicillium .
Kimlər allergik rinit üçün risk qrupundadır?
Allergik rinit geniş yayılmış allergik xəstəlik olub, əhalinin təxminən 20 %- də rast gəlinir. Uşaqlarda və gənclərdə daha çox görülür. Digər allergik xəstəliklər kimi allergik rinitin də yaranmasında genetika və çevrəsəl faktorlar çox önəmlidir. Hər iki valideyn allergikdirsə uşağın allergik olma ehtimalı 50% -dir. Valideynlərdən birində allergiya varsa bu ehtimal 30%-dir. Əgər valideynlər allergik deyilsə uşaqda allergiya yaranma ehtimalı 13%-dir.
Hava kirliliyi, siqaret tüstüsünə məruz qalmaq, qatqı maddəli qidaların bol qəbulu, piylənmə, antibiotik və ağrıkəsicilərin nəzarətsiz qəbulu, qida rasionunda balıq, meyvə-tərəvəzin az olması allergik xəstəliklərin , eləcə də allergik rinitin yaranması üçün təkan yaradır.
Allergik rinit diaqnozu necə qoyulur?
Allergik rinitə anamnezə, yəni xəstəliyin hekayəsinə, xəstənin şikayətlərinə, simptomlara və allergik testlərin nəticəsinə əsasən diaqnoz qoyulur. Fiziki müayinə zamanı burun balıqqulaqları şişkin, ödemli görünür. Burundan şəffaf axıntı izlənilir. Venoz durğunluğa bağlı olaraq xəstədə göz altı qaralma , torbalanmalar görülür.
Burun ucunda qaşıntı və burundan selik ifrazına görə xəstələr əlləri ilə burunu yuxarı doğru sildiklərindən (buna allergik salam deyilir) burunun üzərində üfüqi çizgi əmələ gəlir.
Allergik rinitin diaqnostikasında ən çox istifadə etdiyimiz dəri testi və laborator müayinələrdir. Əgər allergik rinitlə yanaşı sinusitə şubhə varsa burun ətrafı ciblərin rentgen müayinəsi və ya komputer tomoqrafiyasına ehtiyac ola bilər.
Allerqodiaqnostikada qızıl standart və ilk seçim dəri testi , yəni prick testdir.
Dəri testi yüksək hassalığına , prosedurun asan olması , 15-20 dəqiqə ərzində tez cavab alınması və ucuz olmasına görə ən çox istifadə etdiyimiz testdir.
Dəri testi zamanı allergenlərin məhlul şəklində xüsusi ekstraktları damlalarla qolun ön səthinə damladılır və xüsusi incə iynə ilə dəri dəlinir. 15-20 dəqiqə sonra testin nəticəsi dəyərləndirilir. Hər hansı maddəyə qarşı allergiya varsa həmin damlanın qoyulduğu yerdə qızartı, ödem, şişkinlik yaranır. Pasientin gözü önündə allergenin təyini sonrakı dövrdə pasienti allergendən qorunmağa daha da təşviq edir.
Dəri testini etmək mümkün olmadığı halda qandan spesifik İmmunoqlobulin E –lər təyin olunur .
Dəri testi nə zaman olmaz ?
- Xəstə antihistamin, antiallergik ya testin həssaslığını azaldan hər hansı dərman məsələn, antidepressant, mədə qoruyucu və s. qəbul edirsə və bu dərmanları kəsmək mümkün deyilsə
- Xəstədə dəri xəstəliyi varsa. Məsələn , qollara , kürəyə yayılmış ekzema və ya psoriaz varsa . Dəri testi böyüklərdə adətən qolların iç səthində icra olunur. Əgər həmin səthdə dəri xəstəliyi varsa testi icra etmək mümkün olmur.
- Dermoqrafizm varsa. Yəni dərini çizdikdə qızarma , qabarma kimi simptomlar yaranırsa bu dəri testinin nəticəsinə təsir edərək doğru diaqnoz qoymağa mane olar.
- Allergik xəstəliyin kəskin mərhələsində
Qanda eozinofillər
Qanın ümumi analizində eozinofillər adlı hüceyrə sayının 5% -dən yüskək olması eozinofiliya adlanır və bu allergik xəstəliklər zamanı , eləcə də allergik rinit zamanı da görülür. Ancaq heç də bütün allergik xəstəliklər zamanı eozinofil miqdarı yüksək olmaya bilər, eyni zamanda eozinfillərin miqdarının artıq olması yalnız allergiya zamanı deyil, digər xəstəliklər zamanı da rast gələ bilər. Məsələn qurd invaziyaları, immun çatışmazlıqlar zamanı, dəri xəstəlikləri, xoralı kolit və s. Zamanı miqdarı arta bilər.
Bundan başqa allergik rinit zamanı burundan alınan ifrazatda eozinofil miqdarının çox olduğu təsbit edilmışdır.
Qanda Immunoqlobulin E
Allergik rinit zamanı qanda immunoqlobulin E – nin miqdarı normadan artıq ola bilər. Amma unutmaq olmaz ki, allergik xəstələrin ¼ - də İmmunoqlobulin E norma daxilindədir.
Total IgE səviyyəsi qurd invaziyalarında virus infeksiyalarında , siqaret çəkənlərdə , limfomada da arta bilər.
Allergik rinit müalicə olunmazsa nə baş verər?
Allergik rinitli xəstələrin 40% - də təyin olumamış astma xəstəliyi vardır. Demək olar ki, hər allergik rinitli pasient astma xəstəliyi üçün risk qrupundadır. Allergik rinit müalicə olunmazsa astma yaranma riski daha da da artar.
Allergik rinit mülaicə olunmazsa burun ətrafı ciblərin iltihabi - sinusit, haymorit, frontit, orta qulağın iltihabı – otit yarana bilər.
Sinusitlə ağırlaşmış allergik rinitdə yanaşı olaraq əng, alın nahiyəsində ağrılar, baş ağrıları da yaranır.
Orta qulağın iltihabı nəticəsində qulaq ağrıları, qulaqdan ifrazat və ağır eşitmə yarana bilər.
Allergik rinitin müalicəsi.
Allergik rinitin müalicəsi allergendən qorunma , dərman müalicəsi və immunoterapiyadan ibarətdir.
Allergendən qorunma tədbirləri
- Kif göbələyindən qorunma tədbirləri
- Vanna otağında - duş aldıqdan sonra rütubəti azaltmaq üçün vanna otağını havalandırın, yaş yerləri silin .
- Durulaşdırılmış çamaşır suyu ilə kiflənmiş yerləri təmizləyin .
- Mətbəxi tez-tez , xüsusi ilə yemək bişirdikdən sonra havalandırın .
- Mətbəxdə zibilləri çox saxlamayın , yemək artıqlarını ortalıqda saxlamayın.
- Soyuducunu tez tez təmizləyin .
- Istifadə etmədiyiniz əşyaları evdən uzaqlaşdırın.
- Evdə dibçəkdə gül saxlamamağa diqqət edin.
- Ev içində paltar qurutmayın.
- Ev içində rütubətin 30-40% arasında olmasına diqqət edin.
- Əgər evin içində rütubət çoxdursa xüsusi nəmalıcı cihazlardan istifadə edə bilərsiniz.
- Polenlərdən necə qorunaq?
Bitki tozcuqlarının havada ən çox olduğu vaxt səhər və günorta saatlarıdır. Yağış yağdıqdan sonra bitki tozcuqlarının havadakı sayı kəskin azalır. Polenlərdən tam olaraq qorunmaq mümkün deyil, lakın bir sıra qorunma tədbirlərinə əməl edərək, təması azaldaraq xəstəliyin simptomlarını azaltmaq mümkündür.
- Polenlərin çox olduğu saatlarda mümkün olduğu qədər açıq havada olmamağa diqqət göstərmək
- Idmanla məşğul olunursa qapalı yerlərə üstünlük vermək
- Tozcuqlardan qorunmaq üçün papaq və eynək taxmaq, uzun qollu paltar geyinmək
- Evə gəldikdə paltarları dəyişmək , duş almaq
- Evə və avtomobilə bitki tozcuqlarının daxil olmasının qarşısını almaq, paltarları açıq havada deyil evdə qurutmaq, qapı və pəncərələri polenlərin çox olduğu saatlarda, yəni səhər və günorta saatlarında qapalı saxlamaq, avtomobillərin pəncərəsini bağlı saxlamaq lazımdır.
- Ev tozundan qorunma
- Evdən xalı , xalçaların yığışdırılması. Ev tozu gənələri ağır olduğuna görə uzun müddət havada asılı qalmayaraq yerə çökür. Insan yeridikdə asanlıqla havalanaraq tənəffüs yoluna toplanır. Xalı , xalça əvəzinə yerə paltaryuyan maşında yuyula biləcək incə kilim, palaz sərmək mümkündür. Bu kilimlərin 60 dərəcədə yuyulması ilə ev tozu gənələri məhv olur, eyni zamanda ifrazat məhsulları da yuyularaq atılır.
- Yorğan – döşəyin yun deyil, sintetik məhsullarla əvəzlənməsi və yorğan, döşək və yastıqlarda akar yəni ev tozu gənələrini keçirməyən antiallergik yataq örtüklərindən istifadə olunması. Bu örtüklər çox sıx toxunmuş özəl pambıq parçalardan istehsal olunmuşdur.
- Evi tez-tez havalandırın. Quru havada , xüsusi ilə rütubətlilik 50% - dən az olduqda ev tozu gənələri yaşamır. Evin nəmlilik dərəcəsini nəzarətdə saxlamaq üçün xüsusi nəmalıcı cihazlardan istifadə oluna bilər.
- Qalın və ağır pərdə əvəzinə incə tül və ya jalüz istifadə edin.
- Otaqlarda , xüsusi ilə yataq otağında maksimum az əşya olmasına diqqət edin. Gənələrin çox toplandığı yumuşaq tüklü oyuncaqları yığışdırın. Kitabları qapalı şkaflarda saxlayın.
- Evdə yaş təmizləməyə üstünlük verin və ya HEPA filtrli tozsoranlardan istifadə edin.
Allergik rinit zamanı burunun selikli qişası iltihablı, ödemli olduğuna görə pasientin şikayətləri müxtəlif kimyasallar, parfümlər, spreylərin, siqaret tüstüsünün ,qoxuların təsiri altinda , bəzən də qapalı yerlərdə daha da kəskinləşir. Allergik riniti olan pasient iş yerində va ya evdə kimyasallarla təması zamanı ( məsələn hamam otağı təmizliyi, peşə ilə bağlı təmas olduqda ) mütləq qoruyucu maska taxmalı , otağı havalandırmalıdırlar.
Dərman müalicəsi
Allergik rinitin müalicəsində antihistaminlər və burun spreylərindən istifadə olunur. Dərmanın növü, dozası və müddəti xəstəliyin növünə və ağırlıq dərəcəsinə görə həkim allerqoloq tərəfindən təyin olunur.
Antihistamin yəni antiallergik dərmanlar burundan selik ifrazi, burunda , gözdə qaşıntı ,asqırma kimi simptomları asanlıqla aradan qaldırır.
Burun spreyləri steroid tərkibli olub, yerli təsir göstərir, ümumi qan dövranına sorulmur. Digər orqan və toxumalar üzərində , uşaqlarda böyümə və inkişaf üzərində yan təsiri demək olar ki, yoxdur. Burun tutulması üzərində ən təsirli dərmanlardır. Astma və allergiya həkimi Dr. Gülnar Quliyeva qeyd edir ki, hamilələrdə belə tam rahatlıqla istifadə edə biləcəyimiz steroid qrupdan olan xüsusi burun spreylərimiz mövcuddur. Allergik rinitin müalicəsi üçün naftizin, otrivin kimi burun damarını büzücü dərmanların 5- 7 gündən artıq istifadəsi qəti yolverilməzdir.
İmmunoterapiya
Dərman müalicəsi ilə istənilən effekt alınmadıqda, pasient uzun müddət dərman qəbul etmək istəmədikdə, dərmanların yan təsirinin yarana biləcəyi ehtimalı olduqda immunoterapiya istifadə olunur.
Ilk öncə dəri testi ilə pasientin nəyə qarşı allergiyası olduğu aşkarlanır. Həmin maddə artan doza ilə ya iynə şəklində qola, ya da damla şəklində ağızdan bədənə yeridilir. Beləliklə immun sistemin allergiya verdiyi maddə ilə bədən “barışdırılır”. Immunoterapiya əvvəlki aylarda hər həftə, davam edici dozaya çatdıqdan sonra isə ayda bir dəfə, 3-5 il ərzində aparılır.
Bütün dünyada olduğu kimi ölkəmizdə də Allergik rinit sayı sürətlə artmaqdadır.
Allergik rinit çarə axtaran insanlar hara müraciət edəcəklərini bilmədiyinə görə təəssüf ki, xeyli zaman və maddiyyat itirirlər.
Yalnış Allergik rinit müalicəsi istənilən nəticəni verməməklə yanaşı, digər xəstəlik və fəsadların yaranmasına səbəb olur. Bizim ünvanda Allergik rinit beynəlxalq protokollara uyğun müalicəsi mümkündür.
Dr. Gülnar Quliyeva
Türkiyədə ixtisaslaşmış allerqoloq. Astma və allergiya həkimi.Avropa Allerqoloq və İmmunoloqlar Cəmiyyətinin üzvü.
Allergik rinit nədir ?
Allergik rinit burunun selikli qişasının allergik iltihabi xəstəliyidir. Allergik rinit uşaqlar və böyüklərdə geniş yayılmış xroniki xəstəliklərdən olub həm həyat keyfiyyətini, eyni zamanda gecə yuxusunun keyfiyyətini aşağı salan ciddi problemdir.
Allergik rinit diaqnozu necə qoyulur?
Allergik rinitə anamnezə, yəni xəstəliyin hekayəsinə, xəstənin şikayətlərinə, simptomlara və allergik testlərin nəticəsinə əsasən diaqnoz qoyulur. Fiziki müayinə zamanı burun balıqqulaqları şişkin, ödemli görünür. Burundan şəffaf axıntı izlənilir. Venoz durğunluğa bağlı olaraq xəstədə göz altı qaralma, torbalanmalar görülür.
Allergik rinit müalicə olunmazsa nə baş verər?
Demək olar ki, hər allergik rinitli pasient astma xəstəliyi üçün risk qrupundadır. Allergik rinit müalicə olunmazsa astma yaranma riski daha da da artar.
Allergik rinitin müalicəsi ?
Allergik rinitin müalicəsi allergendən qorunma, dərman müalicəsi və immunoterapiyadan ibarətdir.